Şahbulaq sarayı

Şahbulaq saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Qarabağ xanlarının yay iqamətgahlarından biri olan saray kompleksi 1751-1752-ci illərdə inşa edilmişdir. Kompleksin mühafizə divarları yaxınlığında Xan sarayı yerləşirdi. Düzbucaqlı formada tikilən kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Şahbulaq saray kompleksinin yaxınlığında kiçik ibadət zalından və küləfirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi.
Şahbulaq saray kompleksi 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmışdır. Yalnız kompleksin mühafizə divarları qalmışdır.
2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edildikdən sonra erməni alimləri orada aparılan qazıntıların nəticəsi olaraq iddia etdilər ki, guya “qədim erməni dövlətinin paytaxtlarından” biri olan Tiqranakert elə Şahbulaq yaylağında “gizlənibmiş”. Həmin vaxta qədər erməni alimləri birmənalı olaraq bəyan edirdilər ki, Tiqranakert şəhərinin qalıqları Türkiyə ərazisində Diyarbəkir şəhərinin yaxınlığındadır.
Deməli, ermənilərin “qədim paytaxtları” da gizlicə sürüşə-sürüşə gəlib Şahbulaq yaylağına çıxıbmış.