Rza Quliyev

Rza Quliyev 1914-cü il aprel ayının 20-də Ağdam rayonunda anadan olmuşdur. İbtidai təhsilini Ağdamda almış R.İ.Quliyev biliyə böyük həvəs göstərərək, təhsilini Qazax Müəllimlər Seminariyasında davam etdirmiş, daha sonra isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filoloji fakültəsinin jurnalistika şöbəsini bitirmişdir.

Azərbaycan SSR Ali Sovetinə (3, 6 və 7-ci çağırışlar) deputat seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının Sədr müavini olmuşdur. Dəfələrlə Azərbaycan Kommunist Partiyasının və Bakı Şəhər Komitəsinin Təftiş Komissiyasının üzvü seçilmişdir. O, həm də Sovet Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr İttifaqı Şurasının, Sovet Sülhü Müdafiə Komitəsinin və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

R.İ.Quliyev 1977-ci il iyun ayının 4-də Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunub.

Çoxsaylı broşura və məqalələri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında saxlanılır. Bakı şəhərində adına küçə var.

  • 1931—1932 (Ağdam ş.)

Azərbaycan SSR Xalq Maarifi Komissarlığı Ağdam rayonu 3 №-li məktəbin müdiri.

  • 1932—1934

"Lenin Yolu" ("Путь Ленина") rayon qəzetinin məsul redaktorunun müavini.

  • 1935—1938 (Bakı ş.)

"Gənc işçi" ("Молодой рабочий") qəzetinin mədəniyyət şöbəsinin müdiri.

  • 1937—1939 (Bakı ş.)

"Kommunist Maarifi" ("Коммунистическое просвещение") qəzetinin məsul katibi.

  • 1939—1940 (Bakı ş.)

"Kommunist" qəzetinin məsul katibi.

  • 1940—1941 (Bakı ş.)

"Kommunist" qəzeti redaktorunun müavini.

  • 1941—1944 (Bakı ş.)

"Kommunist" qəzetinin məsul redaktoru.

  • 1944—1946 (İran, Təbriz ş.)

"Vətən Yolunda" ordu qəzetinin redaktoru.

  • 1946—1948 (Bakı ş.)

Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan Teleqraf Agentliyinin məsul rəhbəri.

  • 1948—1949 (Bakı ş.)

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri.

  • 1949—1953 (Bakı ş.)

"Kommunist" qəzetinin (Azərbaycan dilində) məsul redaktoru. Eyni zamanda həmin illərdə Azərbaycan KP MK-nin nəznində olan "Təşviqatçının dəftərçəsi" jurnalının redaktoru, bir neçə il "Ədəbiyyat" qəzetinin Azərbaycan SSR üzrə xüsusi müxbiri olmuşdur.

  • 1948—1975 (Bakı ş.)

Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət Heyətinin sədri