Qarabağ Azərbaycandır!

Ağdam Dövlət Dram Teatrı




Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri.
Ağdam Dövlət Dram Teatrı Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirir. Teatrın yaradıcı kollektivi Ağdam şəhərinin ermənilər tərəfindən işğalı və məhvi nəticəsində iş yerlərini tez-tez dəyişmək məcburiyyətində qalır. Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılmışdır. İki il gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılmışdır. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərmişdir.
1968-ci ildə isə Nazirlər Kabinetinin müvafiq fərmanı ilə artıq Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı olaraq fəaliyyətə başlamış, 1969-cu il martın 26-sı və 27-də İ.Əfəndiyevin "Sən həmişə mənimləsən və ya Boy çiçəyi", B.Vahabzadənin "Vicdan" pyeslərinin tamaşası ilə Dövlət dram teatrı kimi fəaliyyətini davam etdirmişdir.
1994-cü ildən 2014-cü ilə qədər teatrın baş rejissoru Elxan Mikayılov,2014-2017-ci illərdə isə Sərvər Əliyev olmuşdur.2017-ci ildə respublikanın əməkdar artisti Novruz Cəfərov teatrın baş rejissoru təyin edilmişdir.