Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi

      Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən biri nadir təsadüf edilən səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəvi quruluşun özünəməxsusluğundadır.

       Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca əlamətdir. Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xaricindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir. Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır. Abidənin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir ünsür də onun piramida şəkilli günbəzinin üzlüyünü təşkil edən daş tavalardan düzəldilmə örtükdür. Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var. Xaçındərbətli abidəsinin daxili günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.