Ağdam Cümə Məscidi

      Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscid iki minarəli və ikimərtəbəlidir. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür.

        Mərkəz gümbəzə dayaq olan dörd sütun daxili məkanın həm tən ortasında kvadrat, həm də yan tərəflərdə iki mərtəbəli eyvanlar yaradır. İbadət zalına baxan və qadınlar üçün nəzərdə tutulan bu eyvanlar da öz növbəsində yuxarıdan gümbəzlərlə örtülür. Burada da az qala hər detalda İslam incəsənəti üçün mühüm olan mürəbbe (dördbucaqlı) və dairə münasibətlərinə rast gəlmək olar. İbadət zalı mehrabın kənarlarından və eyvanlardan açılan pəncərələrlə işıqlandırılır. Mehrab tağçasının üzərində binanın dekor tərtibini verən ustad Məhəmməd Nəqqaş Təbrizinin adı və təmir olunduğu il, hicri təqvimlə 1331-cü il (miladi 1913) tarixi həkk olunmuşdur. Mənbələrdə göstərilir ki, Ağdam Cümə məscidinin divarlarını ilkin variantda Kərbəlayi Səfixanın dostu nəqqaş Məhəmməd Şükuhi işləmişdir. Məscidin giriş qapısı Səfəvi memarlığı üçün xarakterik olan iri tağ portalın içindədir.

       Memar Kərbəlayi Səfixan Qarabaği 1817-ci ildə doğulmuş, 1910-cu ildə vəfat etmişdir. Onun Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli şəhərlərində, eləcə də Ukraynanın Odessa və Türkmənistanın Aşqabad şəhərlərində ucaltdığı məscidlər bu gün də memarlıq nümunələri hesab olunur. Kərbəlayi Səfixan Qarabaği sayəsində “Qarabağ məscid memarlığı” adlı üslub formalaşmış və bu üslubu başqa heç bir digər üslublarla səhv salmaq mümkün deyil.

        Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Cümə məscidinin bugünkü vəziyyəti 1954-cü il qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının ermənilər tərəfindən pozulduğunu bir daha təsdiqləyir.