Ağdam musiqi irsinin mühüm hissəsinə muğam daxildir. 1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyi ilə "Şur" ansamblı yaradılıb. 1985-ci ildən fəaliyyət göstərən Ağdam muğam məktəbi, "Qarabağ bülbülləri" ansamblı ilə dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir.
2014-cü ildə, alman bəstəkarı və pianoçusu Hauscka fortepiano üçün yazılan "Ağdam" əsərini şəhərə həsr edib.
Dünyada ikinci hesab edilən Ağdam Çörək muzeyinin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılmış və 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi. Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsllərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdi. Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Kompleksə karvansara da daxil idi.[42] Sovet dönəmində "Dəyirman həyəti" adlanan ərazidəki karvansara yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verildi. Qarabağ müharibəsi zamanı muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. 1992-ci ilin avqust ayının 12-də, saat 16:40-da Əsgəran rayonunun Naxçıvanik kəndi istiqamətindən atılan ermənilərə məxsus 120 mm-lik top mərmisi muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir.
1908-ci ildə Ağdamda Əbdürrəhim bəy Haqverdiyev adına truppa fəaliyyət göstərmişdir. 1910-cu il noyabr ayının 30-da Ağdam şəhər məktəbində Nadir, Əhməd bəy, Abbas və Məmiş Dərgahovun iştirakı ilə "Ev tərbiyəsinin bir şəkli" və "Dursunəli və Ballıbadı" əsəri tamaşaya qoyuldu. Həmin il, Ağdamda Həmzə Qəniyevin evində Əbdürrəhim bəy Haqverdiyevin öz rejissorluğu ilə "Ac həriflər" truppa məharətlə oynamışlar.
1920-ci ilin əvvəllərində Ağdamda teatr bölməsi yarandı. Bu bölmədə dövrün ən tanınmış teatr xadimləri fəaliyyət göstərmişdir. 1930-cü ildə Ağdam beynəlmiləl klubu nəzdində təşkil olunmuş dram və opera zəhmət kollektivi fəhlə-kəndli klubunun dram kollektivi ilə birləşərək Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan" opera və operettalarını da tamaşaçılara göstərmişlər.
1937-ci ildə haqqında bəhs edilən kollektiv əsasında şəhərdə Dövlət Dram Teatrı təşkil edildi. Teatra görkəmli dramaturq, rejissor, teatr təşkilatçısı Ə.Haqverdiyevin adı verildi. Teatr 10 il ərzində fədakarlıqla fəaliyyət göstərdi, Şuşa və onların ətraf kəndlərində deyil, Yevlax, Ağdaş, Göyçay, Bərdə və digər rayonların zəhmətkeşləri qarşısında da çıxış etdi. Ağdam teatrının quruluş verdiyi "Məhəbbət", "Vəfa" və "Praqanın şabalıd ağacları altında" tamaşalarında ilk dəfə olaraq müharibə illərinin qəhrəmanlıqla dolu hadisələri konkret şəkildə göstərilirdi.
İkinci dünya müharibəsindən sonra Ağdam teatrının hazırladığı "Qatır Məmməd" tamaşası kollektivin ən yaxşı işlərindən biri kimi qiymətləndirildi. 1949-cu ildə ölkənin bir çox rayon teatrları, o cümlədən Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram teatrı bağlandı və bu ölkə mədəniyyətinə böyük təsir göstərdi. Ağdam xalq teatrına 11-ci mövsümündə Dövlət teatrı adı verildi; teatr yenə də Əbdürrəhimbəy Haqverdiyevin adı ilə daha ciddi yaradıcılıq yollarında addımlamağa başladı.Ağdam teatrının istər ilk illərdəki dram dərnəyində, istər 1937–1949-cü illərdə Dövlət Dram teatrında, istərsə də 1959–1969-cu illər xalq teatrında repertuarında opera və operettalar müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 1970-ci illərdə teatrda "Qaynana", "On üçüncü sədr", "Gəl qohum olaq", "Sevil", "Oqtay Eloğlu", "Qaraqum faciəsi", "Unuda bilmirəm", "Həsrət", "Adam və Yeva", "Qismət", "Şəhərin yay günləri", "Dağılan tifaq" və s. tamaşalara uğurla quruluş verilmişdir.