Boşluqda sallanan ümid

Yurd nisgili sancılı ağrıdı. Varlığını hər an duydurur. Canlıdı elə bil. Qəlbində, beynində, duyğularında yaşayır. Yaşayır, demək boy verir. Boyu qalxdıqca ömrü də uzanır. Bu gün onun 20 yaşıdı. “Doğuluş”unu belə xatırlayıram.

…Ağdam işğal olunan gün Prezident Aparatında dövlət müşavirinin köməkçisi kimi son iş günümü başa vurdum. Bir neçə həftəydi ermənilərin hücumu ara vermirdi. Əvvəllər şəhərə belə irimiqyaslı hücum olmamışdı. Bu o vaxt idi ki, yerli özünümüdafiə batalyonları ləğv edilmiş, əvəzində rayona Surət Hüseynova tabe olduğu xüsusi vurğuyla söylənən hərbi birləşmələr yeridilmişdi.

Döyüşlər şəhər ətrafında getdiyi zaman təkcə poçtdakı telefonçu xanımla əlaqə saxlaya bilirdim. Onunla söhbətim ağır keçirdi. Hər an tənəli bir söz deyəcəyini gözləyirdim. “Burda sənin şəhərin döyüşür, sən də Bakıda oturmusan” deməliydi. Amma demirdi. Bəlkə də elə bilirdi ki, Prezident Aparatındakılar bundan da ciddi işlərlə məşğuldular. İndi də səsini eşidib, üzünü görmədiyim o qadın yadıma düşəndə pərt oluram.

Əvəzində isə o, başqa sözlər dedi. Yəqin onun səsi ölənəcən qulağımdan getməz: “Ermənilər şəhərə girir… Ağdamı tutacaqlar… Şəhəri Surətin adamları talan edir… Tək qalmışıq… Əliyevə deyin, bizə kömək eləsin… Onun xəbəri yoxdur!”

Telefonçu xanımın ürək paralayan sözlərindən sonra Prezident Aparatına gələn yeni tip müsafirlərin söhbətləri adamı dəhşətə gətirirdi. Hakimiyyət dəyişikliyindən sonra bura gələnlər hər baxımdan fərqli adamlarıydılar. Onların yalnız bir söhbəti vardı – vəzifə. Bahalı odekolon qoxulu keçmiş sovet məmurlarını sanki kimsə sehrli çubuqla dirildib bura göndərmişdi. Elə bil erməni hücumları onları narahat eləmirdi. Müharibə Azərbaycanda  yox, uzaq Vyetnamda gedirdi. Bu qədər vəzifə düşkünləri haradaymışlar belə? Metastaz verən xərçəng orqanizmdəki xəstə hüceyrələri bir yerə toplayan kimi hansı qüvvəydi onları bir yerə cəmləyən?!

Cəmi bir neçə ay öncə isə burda başqa hava vardı. Cəbhədə hər təhlükəli vəziyyət yarananda Prezident Aparatı, xüsusən də bizim ərazi idarəetmə xidməti hərbi qərargahı xatırladırdı. Dövlət müşaviri Arif Hacıyev dərhal təhlükəli bölgəyə gedir, bizə də həmin bölgənin bütün rəhbərlərini səfərbər etməyi tapşırırdı. Təhlükə sovuşanacan yerimizdən tərpənmirdik, gərgin günlər, saatlar yaşayırdıq.

…23 iyul 1993-cü il burada axırıncı iş günüm oldu. Telefonçu qadın daha zəngimə cavab verməyəndə Ağdamın tutulduğunu anladım. Doğulub böyüdüyün şəhəri gözgörəti itirmək yazıyagəlməz dəhşətli isterik hal idi. Şəhəri qorumaq, vuruşmaq əvəzinə vicdanı abort olunmuş vəzifəpərəst insan yığnağında oturmuşdum.

Ağdama etdiyim son zəngə cavab verilməyəndə yeni hökumətin təzə dövlət müşaviri Arif Rəhimzadənin otağına girdim. Vəziyyəti danışdım. Mənsiz də xəbəri varmış. Boz adamların baxışları da boz olur. Elə bildim sözü qaya parçasına deyirəm. Verdiyi sərt cavabı səbir kasamı daşırdı. Burda yazılması mümkün olmayan sözlər dedim. Sonra da qapısını çırpıb o gedən getdim. İki ay keçməmiş dövlət katibi Lalə Şövkətin əmriylə ixtisar olundum.

…Bakıda qaçqın qohum-əqrəbanı, qonum-qonşunu, el-obanı qarşılamaq bir başqa əzab idi. Dünənədək şad-xürrəm yaşamış insanları səfil kökündə görmək ürək paralayırdı. Yataqxanalarda, sanatoriyalarda yer tapmaq üçün insanlar abırdan gedirdilər. Böyük mülkləri qoyub gələnlər indi dar zirzəmiyə ümidliydilər.

İctimai təşviş mühitində insanı şüur yox, instinkt idarə edir. Beləsini zəlil günə qoyub sındırmaq, boyunduruğa salıb tabe etdirmək peşəkar ilxıçı əlində minilməyən atı ram eləmək kimi asandı. Çox çəkmədi, bu insanlarda daha əvvəlki qürurdan əsər-əlamət qalmadı. Sanki qəsdən “qürur sındırma” siyasəti yürüdüldü.

Erməni zülmü bir yana, həmin günlərdə Bakıda şahidi olduğum polis vəhşəti daha ağır idi. Polis verilən əmrə uyğun Yeni Yasamala toplaşan qaçqınlara divan tuturdu. Erməni gülləsindən qaçanlar öz polisinin təpiyinə, dəyənəyinə tuş gəlmişdi. Bütün bu baş verənlər şəhəri dolaşan “Ağdamlıları Bakıya buraxmamaq göstərişi var” kimi söz-söhbətlə müşayiət olunurdu.

Yeni Yasamala çatanda polislər Famil Mehdinin səyiylə müvəqqəti çəkilib getmişdilər. Adamlar öz aralarında yarımçıq tikililərdə mənzil bölgüsü aparırdılar. Siyahı tutan tanışım həvəslə “öz binalar”ından mənə mənzil təklif elədi. “Bir az gecikmisən. Evlərin yaxşısı tutulub. Amma bu evin doqquzuncu mərtəbəsində birotaqlı mənzil boşdur. Gəl, oranı sənə verək”.

Sovet vaxtından yarımçıq qalmış ev idi, yalnız dörd mərtəbəsi tikilmişdi. Başımı qaldırıb havada mənə verilən “ev”ə baxmışdım. Evim olası hündürlükdəki boşluq göy üzünün ənginliklərinədək uzanırdı.

***
Sabahı 23 iyula açılan bir gecədən 20 il əvvəlki günlərə baxanda da eynən həmin boşluq görünür. Hər gün mənzilim olası hündürlüyün boşluğundan ölkə prezidentinin müharibə ritorikalı vədləri, nazirlərin, deputatların “lazım gələrsə” pafoslu sözləri kağız “quş”lar təki elədən beləyə, belədən eləyə uçur.

Mənimsə bu boşluqdan süzülüb yırtılmış bayraq kimi tək ümidim sallanır…

23 iyul 2013