Şahmalı Kürdoğlu

Şahmalı Kürdoğlu (Hacıyev Şahmalı Mirsəqulu oğlu1930-cu il aprel ayının 12-də Ağdam bölgəsinin Qiyaslı kəndində anadan olub . Azərbaycan muğam tarixində özünəməxsus xidmətləri olan bir sıra Qarabağ xanəndələrinin cərgəsində xüsusi dəsti-xətti ilə seçilən İslam Abdullayev, Xan Şuşinski, Seyid Şuşuniski kimi əvəzsiz xanəndələrin layiqli davamçısı olmaqla bərabər muğam tariximizdə şəhid xanəndə kimi anılmaqdadır. Xanəndə Ş.Kürdoğlu Seyid Şuşinski məktəbinin və eləcə də Qarabağ ictimai mühitinin yetirməsidir. Şahmalı Kürdoğlu Ağdam pedaqoji institutunu (indiki Şuşa Pedaqoji Texnikumu) Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş öz dövrünün vətənpərvər ziyalılarından olaraq Azərbaycan muğamının inkişafında əvəzsiz xidmətlər göstərmişdir.

Ötən əsrin əvvəllərində qəddar ermənilərin soydaşlarımıza qarşı törətdiyi haqsızlıqlar neçə-neçə ailənin öz yurdundan, yuvasından didərgin düşməsinə səbəb olub. Yandırılan, dağıdılan mülklər, malikanələr deyildi. Mənəviyyat da qətlə yetirilirdi. İnsanlar qəzavü-qədərin yazdığı qara yazıların badına gedirdi. Haqsızlıqlara dözməyən Mirsəqulu Fətəliyev Dərələyəzi bürümüş erməni taunundan xilas olmaq üçün çox gənc yaşlarından Qarabağa üz tutub. Qisas aldığı daşnaklar isə zaman-zaman bu qoçaq, mərd türk balasını daim axtarıblar. Sonda Ağdamın Qiyaslı kəndinə sığınan Mirsəqulu düşmən hədəfinə keçməmək üçün adını gizlədib. Vaxtilə dağların o tayından Qarabağa gələn insanları yerli əhali "kürd" çağırardı. Erməni riyakarlığından gizlənən Mirsəquluya bu ad sərf edirdi. Elə bu adla da tanınıb, hörmət, nüfuz qazanıb. Kürd adlanan bu yaraşıqlı oğlan günlərin birində də Qiyaslı gözəli Gülnisənin qəlbinə od saldı. Onlar eyni bir ocağı alışdırdılar. Erməni gözündən yayınmış Mirsəquluya Allah bir oğul bəxş etdi. Adını Şahmalı qoydular. Ana ərinin başına gələn bədbəxt hadisələrdən xəbərdar idi. Ona görə də oğlunun soyadını "Hacıyev" yazdırdı ki, ermənilər onu tapmasınlar. Şahmalı böyüdükcə Mirsəqulu kişi fikir edirdi ki, doğma balası onun soyadını daşımır. Ona görə də el-obada Kürd adı ilə tanınan atanın bu qondarma ismi Şahmalının baş biletinə əslində, soyad kimi düşdü.