Əminə Cəfərova

Cəfərova Əminə Surxay qızı 1925-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Gənc yaşlarından Çəlik deyilən üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, az bir vaxtda öz işgüzarlığı, əməksevərliyi sayəsində Manqa başçısı vəzifəsinə qədər yüksəlmişdir.

1941-1971-ci illərdə Ağdam rayonundakı “Nətəvan” adına üzümçülük sovxozunda manqabaşçısı, uşaq bağçasının müdiri, şərab zavodunda laborant, 1971-ci ildən isə mikrobioloq işləmişdir.

1947-ci ildən Sov.İKP-nin üzvü olmuşdur[1].

Əminə Cəfərova 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Belə ki, 3 hektarlıq məhsuldar sahənin hər hektarından 230,2 sentner məhsul götürmüşdür. Hökumət qarşısında xidmətini nəzərə alan SSRİ Ali Soveti 5 oktyabr 1949-cu il tarixli 4724 saylı qərarı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir. Bundan əlavə Əminə Cəfərova 3 dəfə Lenin ordeni və müxtəlif medallarla təltif edilmişdir.

1951-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində əmək qabaqcılları ilə birgə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak etmişdir.

1988-ci ildə Ağdam rayon partiya təşkilatının XI konfransına nümayəndə seçilmişdir.

1993-cü ildə Ağdam rayonunun işğalı ilə əlaqədar məcburi köçkün kimi bir müddət Bərdə şəhərində yaşadıqdan sonra birdəfəlik Bakı şəhərində məskunlaşmışdır.

Azərbaycan Respublikası Prezidendinin 2 oktyabr 2002-ci il tarixli 1049 saylı sərəncamı ilə Azərbaycanın iqtisadiyyat sahəsində böyük xidmətlərinə görə Cəfərova Əminə Surxay qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir[2][3][4].

Sosialist Əməyi Qəhrəmanı Əminə Cəfərova 2011-ci il avqustun 13-də Bakı şəhərində 86 yaşında vəfat etmişdir. O Keşlə qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir[5].

Əminə Cəfərova haqqında Xalq yazıçısı Əli Vəliyevin 1972-ci ildə çap olunan "Durna qatarı" adlı kitabında geniş məlumat verilmişdir.Əminə Cəfərova 1950-ci ildə Ziyəddin Əliyev ilə ailə həyatı qurmuş, — Rabilə (1951), Zabilə (1953), Yəmən (1958) və Tünzalə (1961) adlı dörd qızları dünyaya gəlmişdir.