Misirov Bayram

Bu il Ağdamın işğal gününə “Əsir düşərgəsi”ndən bir ağdamlının hekayəsini təqdim etmək istədim.

 

Onu düz bir ay axtarıb, nəhayət, məcburi köçkünlərin məskunlaşdığı Bilgəh sanatoriyasında tapa bildim.

 

Misirov Bayram Məmmədhüseyn oğlu 18 mart 1951-ci ildə Ağdamın Abdal-Gülablı kəndində doğulub.

 

Məni evlərinin qabağında, tut ağacının altında gözləyirdi. Ağac o qədər iriydi ki, dörd tərəfə şaxələnmiş qol-budağı bütün həyəti bürümüşdü...

 

Mən isə neçə vaxtdır ki, onun adından, qoxusundan mümkün olduqca uzaq qaçıram...

 

Həyətimizdə böyük tut ağacı var idi. Onun kölgəsində ömrümün çox xoşbəxt, yaddaqalan günlərini yaşamışdım. Biz tut çırpanda ağacın altına açdığımız çadıra “kərxana” deyirdik. Kimliyindən, millətindən asılı olmayaraq, hamımız çadırın bir küncündən tuturduq...

 

Tut ağacı mənim üçün birlik, sülh, dostluq demək idi.

 

Onun altında nənəmin bişirdiyi təndir çörəyini erməni uşağıyla da yarı bölmüşdüm...

 

İndi harda tut ağacı ilə rastlaşıram, boğazım tıxanır, nəfəs almağım çətinləşir, boğuluram...

 

İllər sonra, ilk dəfədir tut ağacının altındayam... O danışır, mən xatirələrimdən qopub onu dinləməyə çalışıram...

 

Tut ağacı isə yenə də birlik, xeyir-bərəkət simvoludur. Qonum-qonşu bir-bir evindən çıxıb, yanımıza gəlir, stullarını ağacın altına çəkib başımıza yığışırlar...

 

***

 

3 sentyabr 1990-cı il

 

Bayram qapını döyüb, əlindəki zənbili tibb bacısına uzatdı:

 

- Bizim uşaqlara verin, zəhmət olmasa.

 

Tibb bacısı zənbili alıb aralanmaq istəyirdi ki, Bayram qapını əli ilə saxladı. Tibb bacısı:

 

- Gedə bilərsiniz, - dedi.

 

- Sən Allah, bircə dəfə gətirin baxım.

 

- Olmaz! Yatır!

 

- Allah köməyin olsun, elə yatır deyirsən ki, guya oyaq olsa üstümə qaçasıdı. Al qucağına gətir, bir dəfə üzünü görüm, yenə nə qədər istəyir yatsın də. Sən də şirinliyini al qoy cibinə!

 

Şirinlik sözü tibb bacısını yumşaltdı:

 

- Bir az gözlə...

 

- Amma tez ol, sən Allah. Yola çıxmalıyam, vacib işim var. Elə üzünü görüm, rahat gedim.

 

Bayram qapının arxasınca öz-özünə deyindi:

 

- “Olmaz”ı da təzə öyrəniblər. Elə bil ermənidilər. Dünənə qədər kimin uşağı Stepanakertdə olubsa, uşağın üzünü evə gətirənə qədər görməyiblər ki, “olmaz”. Ağdamda elə şey olmayıb ey, el-obayıq, olmaz nədir? Harda görünüb ki, ataya oğlunu göstərməyəsən ki, olmaz.

 

Qapı cırıldadı. Bayram tibb bacısının qucağındakı körpəni görəndə bütün hirsi soyudu. Yaxınlaşıb qucağına almaq istəsə də oyadacağından qorxub, qıymadı.

 

Dünyanı unutmuş halda gözünü körpəyə zillədi.

 

Bu bir anlıq xəyal onu apardı: oğlunu məktəbə göndərdi, universitetə qoydu, əsgərlikdən qayıdan kimi elçi getdi. Amma tibb bacısının səsi qol götürüb oğul toyunda oynamağa imkan vermədi:

 

- Hə, atamızı gördük, indi gedək.

 

Bayram bir qırmızı onluq çıxarıb uşağın bələyinə taxdı:

 

- Sağ ol, bajı. Allah köməyin olsun!

 

Tibb bacısı körpənin dili ilə danışmağa davam etdi:

 

- Anama nə deyim? Sözün var?

 

- Denən ki, atam təcili Füzuliyə getdi, yardım apardı. İdarə Ağdərədən qovulan adamlarımıza pul yazıb, onu verməyə aparırıq. Ağdərənin 2-ci katibi Arif Əliyevlə gedirik. İndi də Arif müəllim məni gözləyir, tələsirəm. Amma atam tez qayıdacaq de ha!

 

***

 

- Sürücü idim, 1988-ci ildən kəndin müdafiəsinə qoşulmuşdum. Həmin günü Arif müəllimlə Füzulidə məskunlaşan Ağdərə qaçqınlarına yardım aparmışdıq.

 

- Arif müəllimin neçə yaşı olardı?

 

- Dəqiq deyə bilmərəm, amma uşaqları böyük idi. Mənim ikinci uşağım yenicə doğulmuşdu. Böyük qızım Gülşənin isə iki yaşı var idi.

 

- Yardımı aparıb verə bildiniz?

 

- Verdik, qayıdanda gördük... Maşını mən sürürdüm. Bu günə qədər yadımdadır, AQZ 12 82 markalı UAZ maşın idi... Benzindoldurma məntəqəsinin yanında yolu bağlamışdılar...

 

***

 

Bayram yolun üstünə qoyulan borunu görüb, təəccübləndi:

 

- Bunları kim düzüb yola? Bayaq keçmişik burdan, heç nə yox idi axı... Arif müəllim, mən maşının kənarı ilə borunu yoldan çıxaracam, əyilin ki, sizə daş-kəsək dəyməsin.

 

Maşın boruya söykənib dayananda Arif UAZ-in xarab olduğunu zənn edərək, aşağı endi. Bayram əli silahlı ermənilər dağdan endiyini görəndə tez ayağını qaza basdı. Yolun yarısı açılmışdı, surətlə sürüb, uzaqlaşa bilərdilər. Amma indi fərqinə vardı ki, Arif müəllim maşında deyil. Onu qoyub, qaça bilməzdi.

 

Dağın başına, Qaradağlı kəndinə sarı qalxmaq olardı.

 

Ermənilər isə Arifin üstünə yüyürürdülər. Maşında sürücü olub-olmadığına əhəmiyyət verən yox idi.

 

Maşını sürüb qaçmaq, dağa çıxmaq, ya da üçüncü yol, aşağı enib, Arif müəllimin yanına getmək.

 

Bayram üçüncünü seçdi.

 

***

 

- Onu qoyub, qaça bilməzdim. Düşdüm ki, ölərik, ölərik. Qalarıq da qalarıq. Onu qoyub hara gedəsiyəm? Arif müəllim çox yaxşı insan idi. Elə adamı yarı yolda qoyub qaçmaq olmaz. Amma o maşından enməsə, qaçmaq imkanımız olardı. Yolu yarıyacan açmışdım...

 

Danışmağa çətinlik çəkir. Sol əli ilə təsbeh çevirir. Susur. Başını qaldırmadan, arada bir bu cümlələri deyir:

 

- Aşağı enəndən sonra dəstə ilə düşdülər üstümüzə... Əvvəlcə maşını əzik-əzik elədilər... Maşın tamam sıradan çıxandan sonra isə bizim əl-qolumuzu, ayağımızı möhkəm bağladılar... Döyməyə başladılar... Sonra apardılar...

 

- Hara apardılar?

 

- Bilmirəm, düşərgə kimi bir yer idi... Gözümüzü bağlamışdılar... O günlər ərzində harada olduğumuzu bilmədik. Aparanda gözümüzü bağlayır, açanda bağlı yerdə olduğumuzu görürdük. Bircə onu bilirəm ki, yuxarı atıldığımızı və yuxarıdan atıldığımızı hiss edirdik. Yolda isə silkələnirdik. Ehtimal ki, yük maşını idi...

 

- İkinizi də bir yerdə saxlayırdılar?

 

- İlk günləri ayrı-ayrı saxlayırdılar. Çünki ikimizi də təklikdə dindirir, suallar verirdilər.

 

- Nə soruşurdular?

 

- Niyə bizim yoldan keçirdiniz, hərbi sursatınız hardadır kimi sullar. Hər dəfəsində də “Qarabağ bizimdir” deyib, döyürdülər.

 

- Nə ilə döyürdülər?

 

- Dubinka ilə. Çox pis işgəncələr verirdilər. Kəndirlə əllərimizi arxadan elə çəkib bağlayırdılar ki... Biləklərimdə hələ də kəndir izləri qalır. Çox sağlam adam olmuşam, girov düşəndə 90 kilo idim, qaytarılanda doqquz kilo arıqlamışdım. Yemək yox idi, arabir su verirdilər...

 

***

 

O vaxt hələ Qarabağın kəndlərinə gediş-gəliş mümkün idi. Azərbaycanlılar onları tapmasın deyə, bir yerdə iki gündən artıq saxlamırdılar. Günlər bir-birinə bənzəyirdi. Döyür, sürüyür, təhqir edirdilər.

 

Bu dəfə əllərini də açdılar. Ermənilərdən biri kəlbətini Bayramın üstünə atdı:

 

- Sənin düz dörd qızıl dişin var imiş, türk! Bu bilirsən nə deməkdir?! Onlar bizə lazımdır. Amma humanistliyimizdən səni incidə bilmərik. Al bu kəlbətini, biz gələnə qədər dişlərini çək yığ qabağına. Bir azdan gələcəyik! Bax, ha! Hazır olmasa, ikiniz üçün də pis olacaq. Elə eləmə ki, dişlərini biz çəkək!

 

Qapı çırpıldı. Ayaqları bağlı Bayram əlləri ilə güc verib, qalxıb oturdu. Günlərdir biləklərindən sıxıb bağlamışdılar. Əlləri keyimişdi.

 

Yanında uzanan Arıf müəllimə baxdı, üzü qan içində idi. Onu yaxşı tanıdıqlarından üzünə bir neçə yerdən bıçaqla zərbə endirmişdilər.

 

Ayaq səsləri eşidildi. Bayram tez əlini atıb, kəlbətini götürdü. Ayaq səsləri uzaqlaşdı. Bayram nə qədər çalışsa da, əsən əlləri ilə kəlbətinini ağzına sala bilmədi.

 

- Arif müəllim... Ay Arif müəllim...

 

- Hə, Bayram...

 

- Sizə qurban olum, bəlkə siz...

 

- Yox ay oğul, mən elə iş tuta bilmərəm!

 

- Mənə pislik yox, yaxşılıq edirsiniz. Axı adam özü-öz dişlərini necə çəksin? Onlar eləsə, bilirsiniz necə edəcəklər... Ağzımda nə var sındırıb tökəcəklər yerə...

 

- Mənim əlim gəlməz axı...

 

- Bəs mən burda bunu başqa kimdən istəyim? Burda ayrı kimim var kömək istəyəsi?

 

Arif dikəlib, divara söykəndi. Bayram tələsirdi:

 

- Tez ol, başına dönüm...

 

Ermənilər qayıdanda yerə atılmış kəlbətinin yanında dörd qızıl diş var idi. Bayram huşunu itirmişdi...

 

***

 

- Ermənilərin içində tanıdığınız olurdu?

 

- Gözüm bağlı olub deyə, çox adam görməmişəm. Amma onların içində məni tanıyanı oldu.

 

- Kim idi?

 

- Mən xatırlamadım. Bizi meşəyə güllələməyə aparmışdılar. Orada biri yaxınlaşıb pıçıldadı ki, “Səni yaxşı tanıyıram, adın Mirzədir”.

 

- Mirzə?

 

- Məni hamı Mirzə kimi tanıyırdı. Elə indi də Mirzə deyirlər. Ancaq sənədlərdə Bayram yazılır. Rəhmətlik, böyük bacım Mirzə Ələkbər Sabiri çox sevirdi. Elə onu oxuya-oxuya da məni Mirzə çağırıb, adım qalıb Mirzə. Erməni dedi, tanıyıram, Mirzəsən. Çox istəyərəm səni aparıb ötürəm kəndinizə. Amma qorxuram. Bunu eləsəm, mənim arvad-uşağımı güllələyərlər. Sizə deyim ki, yerli ermənilərin səksən faizinin bu işlərlə əlaqəsi yox idi. Əsas təşkilatçılar Yerevan erməniləri idi. Etiraz edəni də pis kökə salırdılar. Mənə indi də elə gəlir ki, yerli ermənilər bunu istəməzdi. Bəlkə vəzifəsi olanlar hə, amma sadə kənd adamına müharibə sərf etmirdi. Çünki hamısı bizim camaatla dolanırdı. Ağdamda sonradan bizim əsirlərə sökdürdükləri evlərin hamısını ermənilərə tikdirməmişdikmi? Çox yaxşı dolanırdılar. Bizim hesabımıza hər şəraitləri var idi. Hətta bizdən də yaxşı yaşayırdılar.

 

- Dediz ki, sizi meşəyə güllələməyə apardılar...

 

- Hə, arada elə şeylər tez-tez olurdu. Döyməyinə hər gün döyürdülər, bu adi şey idi. Bir də arada neçə dəfə bizi apardılar meşəyə ki, güllələyəcəyik. Axırda da təxirə salırdılar. Görünür, onlar da özbaşına deyildilər, sifariş alırdılar. Ya da elə-belə, bizə əzab verirdilər.

 

***

 

Yük maşını bir çalaya düşüb, dayandı. Yenidən silkələndi. Yük yerinə çıxmışdılar. Kimsə onların çiynindən və ayağından tutub zərblə aşağı itələdi. Gözlərini və ayaqlarını açdılar. Meşədə idilər. Əmr gəldi:

 

- Qalxın, gedirik!

 

Kəndir ayaqlarını o qədər sıxmışdı ki, indi addım da ata bilmirdilər. Hər qalxanda yenidən yıxılırdılar. Ermənilərdən biri dilləndi:

 

- Əllərin də aç, qoy ağacdan tuta-tuta getsinlər. Yoxsa bunların ayağı ilə çətin gedək...

 

Meşənin içinə doğru xeyli getdikdən sonra soruşdular:

 

- Gözəldir hə?

 

Nə Bayramın, nə də Arifin cavab verməyə halı yox idi. Yenə erməni davam etdi:

 

- Çox gözəldir! Ölməli yerdir!

 

Qarşılarına iki bel atdılar:

 

- Hərə özünə bir qəbir qazsın! Elə bu ağacın altında. Yan-yana qazın. Özü də yaxşı, müsəlmansayağı qəbir olsun. Geniş, dərin... Vaxt getdi, tez olun!

 

***

 

- O qəbri nə zülmlə qazdıq... Axırda da dedilər ki, lazım olmadı, gəlin gedək...

 

- Dəyişdirilməyiniz barədə bir söz deyirdilər?

 

- Bizə yox. Amma sonradan bildik ki, bizimkilərə neçə dəfə qaytaracağıq deyib, əvəzimizə nə isə alıblar... Bir gün yenə gözümüzü bağlayıb, gətirib harasa atdılar... Hardasa dörd-beş saat sonra polislər gəlib bizi götürdü...

 

- Bizim polislər?

 

- Yox, onlarınkı. Demək, məsələ belə olub. Bizi gətirib ora atıb, bizim polisə yerimizi xəbər veriblər. O vaxt bizim dəyişilməyimizlə respublikanın Baş Prokuroru, rəhmətlik İsmət Qayıbov məşğul olurdu. Erməni polislər bizi gətirib Füzuli ilə Xocavənd rayonlarının kəsişdiyi yolda dəyişdilər...

 

- Girovluqda nə qədər qaldınız?

 

- Sentyabrın əvvəli girov düşdük, axırına yaxın qaytardılar. Bir aya yaxın qaldıq. Nə kökdə idik qaytarılanda... Məni çimizdirəndə başımdan daşlar çıxırdı. Hər dəfə maşında aşağı atanda elə zərblə düşmüşəm, çır-çınqıl batıb başıma, bədənimə, elə də qalıb... İkimizi də xəstəxanaya yerləşdirdilər, müalicə olunduq. Özümə gələndən sonra yenidən könüllü döyüşməyə yollandım. Rəhmətlik Şirin Mirzəyevin batalyonunda döyüşürdüm.

 

- Həkimlər durumunuzu necə qiymətləndirirdi?

 

- O vaxtlar indiki qədər müasir aparatlar yox idi, həm də rayon yeri idi. Elə olan imkanları ilə müalicə etdilər bir neçə ay. Sonra bədənimdə qıcolmalar başladı, ağrılar yarandı. Həkim başa düşmədi o vaxt. Qolum, ayağım tutulmağa başladı, hərəkət çətinləşdi. Bədən güclü idi, ona görə də düşünmürdüm ki, mənə nə isə ola bilər. Dedim yəqin əzilibdir, dubinka ilə vurublar deyə belədir. Sən demə, girovluqda olanda onurğam zədələnib, sinir sistemi düz işləmir. Başladı əlim, ayağım uçunmağa. 1993-cü ildə gördülər artıq əlim silah tutmur, ayağım məni saxlamır, ordudan birdəfəlik tərxis olub, gəldim xəstəxanaya. Belə...

 

Təsbehini stolun üstünə atıb, susur. Son iyirmi iki ili bütün həyatına şahid olan qonşu qadınlar dillənir:

 

- Nə qədər Şıxovda yatdı...

 

- Sonra neyrocərrahiyyədə boyun hissəsindən əməliyyat etdilər...

 

- Xeyli Əlillərin Bərpa Mərkəzində yatdı...

 

- Sağ əli işləmir. Ayaqlarını da görürsünüz...

 

- Onkologiyada ayaq barmağını kəsdilər, qanqren eləmişdi. Girovluqda o qədər bağlı saxlamışdılar ki, qan işləmirdi...

 

Sol əli ilə çətinliklə şalvarının balağını yuxarı qaldırıb, ayağını göstərir:

 

- Hələ də qan işləmir. Görürsünüz necə şişib...

 

Yenə qonşular əlavə edir:

 

- Hələ indi yaxşıdır, birdən ayaqları elə şişir, adam qorxur ki, bu saat partlayıb dağılacaq.

 

- Eh, qızım, mənim yaşamağım yaşamaq deyil... Allaha qurban olum, belə yaşamaqdansa yaşamamaq yaxşıdır.

 

- Həkimə müraciət etmisiniz?

 

- İndiki durumumda müalicəyə getsəm, gərək yoldaşım da mənimlə getsin, ona da imkanımız yoxdur. Elə halım pisləşəndə təcili yardım çağırıram, resept yazırlar. Son vaxtlar da lap tez-tez çağırıb, ağrıkəsici vurdururam. Axır vaxtlar ağrım kəsmir ki, kəsmir... Nə bilim nə məsələdi... Girovluqda olanda özümdə olmamışam. Allah bilir nə ediblər, nə vurublar, bilməmişəm. Gələndən sonra ayaqlarım tutuldu, indi də belə... Ağrılarım kəsmir.

 

Qonşu qadınlar:

 

- Biz görürük ki, haralara məktub yazıb, birinə də cavab verən yoxdur...

 

- Heç olmasa Qarabağ əlili olsa, bəlkə xəstəxanada güzəşt edərdilər...

 

- Qarabağ əlili deyilsiniz?

 

- O vaxt yazdılar ki, guya mən mülki adamam, müharibədə zədə almışam. Özüm Qarabağ veteranıyam, amma Qarabağ əlili sənədi vermədilər... Məhkəməyə müraciət etdim, indi məhkəmə qərarı var ki, bu kişi ağacdan yıxılmayıb, girovluqdan qayıdıb belə olub. Ona da baxan yoxdur... İndi də deyirlər o sənədi gətir, bu sənədi gətir...

 

- Nə sənədi istəyirlər?

 

- Ağdamda hərbi hospitalda yatdığını sübut edən sənəd gətir deyirlər. Axı mən girov düşəndə hərbi hospital yox idi. Ağdamın mərkəzi xəstəxanasında yatmışam, Xocalı hadisəsindən sonra da bomba atıb oranı dağıtdılar. Xocalı əsirləri dəyişəndə hamısını ora gətirirdilər, ona görə dağıtdılar xəstəxananı. Arxivlər yandı. Deyirəm, deyir yox, get tap gətir... Qəbul eləmir xəstəxananın yandığını... İşğaldan öncə ermənilər girib kənddə neçə evi yandırdılar, biri də bizim evimiz idi. Özümdə olan sənədlər isə orda yandı... Nə bilim qızım, o vaxt Ağdamda rəhmətlik Xuraman xanım gəlib vəziyyətimi gördü. Dedi gəl tapşırım “sobesə”, səni təqaüdə çıxartsınlar. Acığıma gəldi ki, nə təqaüd? Hamı mənə gülər ki, erməni bunu əsir götürüb, bu da gəlib təqaüdə çıxır. Öz adıma sığışdırmadım bunu. Əyilməz insan idim...

 

Qonşular:

 

- İndi də elədir. Evdə çörəkləri olmasa, bir adama bildirməzlər. Oğlu fəhlə işi olanda gedib işləyir, olmayanda otururlar.

 

- Ailədə işləyən var?

 

- Mən birinci, yoldaşım isə ikinci qrup əlildir, işləmirik. Qızım ailə qurub gedib. Oğlum isə işsizdir. Arada fəhləlik işi olanda gedir, o da daimi olmur... Uşaqları oxuda bilmədim... Elə oğlumu sürücülük oxutdum... O vaxtdan ancaq təqaüdlə dolanıram, başqa gəlirimiz yoxdur. 183 manat mən alıram, 100 manat da yoldaşım. Bir də qaçqın kimi çörək pulu alırıq, bu qədər... Elə 1994-cü ildə bir təhər əlimdə-ovcumda olanla bu arabanı güclə aldım... Nə bilim, həyatdır də, Allah beş gün ömür verdi, o da qapqara...

 

Söhbətə davam edə bilmirəm. Ağdamdan olan başqa girovlarla da görüşmək istəyirəm.

 

- Bayram dayı, Ağdamdan başqa kimlər girov düşüb?

 

- Bizim kəddən ilk əsir düşən mən idim. Məndən sonra Qasımov Xalid, Bəbir kişi, Abbas... Hamısı əlli-ayaqlı getdilər... Heç birindən xəbər yoxdur...

 

Qadınlar:

 

- Fəqan Əliyev... Əsir düşdü, amma qaytarmadılar...

 

- Quliyev Məsum oğlu Azərlə birlikdə... Bağbanlar kəndindən idi... İtkindilər...

 

- Ruhi xəstəxanadan yeddi xəstə götürmüşdülər... Onlardan cəmi birini qaytardılar...

 

- Ağsaqqal Səməd kişi... Nə öldüsü var, nə qaldısı...

 

- Turab var idi, hələ də xəbəri yoxdu...

 

- Yusifcanlıdan Kəklik var idi, ona nə zülmlər vermişdilər... Kəlbətinlə on altı dişini çəkmişdilər...

 

- Rayonu işğal edən gün Şərqiyyə arvadı evindən götürmüşdülər. Yaşlı, kimsəsiz qadın idi deyə çıxmamışdı. Qayıdanda nə kökdə idi... Bunları gecə səhərə qədər soyuq suda saxlayır, armaturla döyürmüşlər...

 

- Bədənində siqaret söndürürmüşlər... Qayıdanda başını yarmışdılar, bədəni çapıq-çapıq idi... Səkkiz qızıl dişini çəkibmişlər...

 

- Xaqani var idi, bütün ailəsini girov götürdülər. Gözünün qabağında yoldaşını yarımcan elədilər, körpə oğlunun isə ayağını kəsdilər...

 

Ayaqları kəsilən körpənin çığırtısı qulaqlarımı tutdu, qadınların daha nələr dediklərini eşidə bilmədim...