AĞAYEV Faiq Alış oğlu

6.6.1969, Ağdam r-nunun Papravənd k. – 23.12.1991, Xocalı r-nunun Meşəli k.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmiş, keçmiş Sovet ordusu sıralarında layiqli xidmət yolu keçmişdir. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdır. Torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt olunanda Faiq də silaha sarılaraq, Vətənin müdafiəsinə yollanır. O, 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılır. Elə həmin gündən də Faiqin şərəfli ömrünün ən narahat, ən yadda qalan və ən təşvişli günləri başlayır.

1991-ci il… Dekabr ayının 23-ü… Meşəli kəndi erməni yaraqlılarının hücumuna məruz qalmışdı. Düşmənin zirehli texnikası, onun arxasınca piyadalar tüstüyə bürünmüş meşədən kəndin üzərinə yeriyirdi. Güllələrdən, mərmilərdən evlər alovlanır, qocalar, qadınlar, uşaqlar həlak olurdular. Od alıb alovlanan evlərdə diri-diri yananlar da az deyildi. Özünü birtəhər bayıra atıb ölümdən can qurtarmağa cəhd edənləri erməni faşistləri xüsusi qəddarlıqla gülləbaran edirdilər.

Döyüşçülərimiz dinc əhalini təhlükəsiz yerə çıxarmağa çalışırdı. Vəziyyət son dərəcə ağır idi. Uçurulmuş evlərin birini istehkama çevirmiş Faiq sərrast atəşlə erməni yaraqlılarını yerə sərir, dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı.

Düşmən atəşini özünə cəlb etməklə Faiq onlarla qadını, uşağı ölümdən xilas elədi. O, döyüş mövqeyini axıradək tərk etmədi, son nəfəsinə kimi vuruşdu. Qəhrəman Vətən oğlu başqalarının həyatını xilas edərkən öz həyatını qurban verdi.

Subay idi.

Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 25