AMEA Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsində “Qarabağın və Şərqi Zəngəzurun toponimlərinin izahlı lüğəti”nin I cildi işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, üçcildlik nəşrin ilk cildində Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd və Kəlbəcər rayonlarının ərazilərində mövcud olan makro və mikrotoponimlər toplanaraq izahlı şəkildə təqdim edilib.
Lüğətdə bölgənin yer adlarının dilçilik baxımından izahı, onların mənşəyi və semantik xüsusiyyətləri ilə bağlı məlumatlar öz əksini tapıb. Nəşr Qarabağ və Şərqi Zəngəzur ərazisindəki toponimik zənginliyin sistemləşdirilməsi, tədqiqi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli elmi mənbə kimi nəzərdə tutulub. Əsər filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun rəhbərliyi ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsində hazırlanıb. Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovdur. Nəşrin rəyçiləri filologiya elmləri doktoru, professor Sayalı Sadıqova və filologiya elmləri doktoru, professor Sevil Mehdiyevadır.
“Qarabağın və Şərqi Zəngəzurun toponimlərinin izahlı lüğəti” üçcildlik nəşr kimi hazırlanır. I cilddə təqdim olunan materialların gələcək toponimik araşdırmalar, Azərbaycan dilinin onomastik leksikasının öyrənilməsi və Qarabağ və Şərqi Zəngəzurun tarixi-coğrafi adlarının elmi əsaslarla araşdırılması üçün mühüm mənbə olması nəzərdə tutulur.


Bir cavab yazın