Quzanlı qəsəbəsində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 100 illik yubileyi qeyd olunub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollecin müəllim və tələbələri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Quzanlı qəsəbəsinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Muğam Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra kollecin 100 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, kollecin direktoru Neymət Rüstəmli və digər natiqlər təhsil müəssisəsinin bir əsrlik zəngin tarixindən, təhsil sahəsində qazandığı nailiyyətlərdən, rayonun sosial-iqtisadi inkişafında oynadığı roldan danışıblar.
Bildirilib ki, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci 1925-ci ildə təsis edilmiş Ağdam Kənd Təsərrüfatı Texnikumunun varisidir. 1936-cı ildə həmin texnikumun mexanikləşdirmə ixtisasının bazasında Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu yaradılıb. 1993-cü ildə Ağdam şəhərinin işğalı ilə əlaqədar hər iki texnikum fəaliyyətini Ağcabədi rayonunda davam etdirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli qərarı ilə həmin iki texnikumun bazasında Ağdam Dövlət Sosial-İqtisadi Kolleci yaradılıb. 2008-ci ildən kollecin fəaliyyəti Quzanlı qəsəbəsində təşkil olunub.
Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Əməkdar artist Fehruz Səxavətin, eləcə də kollecin müəllim və tələbələrinin ifasında xalq və bəstəkar mahnıları təqdim edilib.





Bir cavab yazın